|
Sentyabrın 18-də Şotlandiyada tarixi müstəqillik referendumu keçiriləcək.
Səsvermədə iştirak edən Şotlandiya sakinləri seçki məntəqələrinə gələrək ölkənin müstəqil olmasına (“hə”) və ya Britaniya tərkibində qalmasına (“yox”) səs verəcəklər. Əgər qutulardan “hə” səsləri çox çıxsa, o zaman 307 ildən sonra Şotlandiya Birləşmiş Krallıqdan ayrılaraq müstəqil dövlət olacaq.
“Azadlıq” radiosunun məlumatında görə, son sorğuların nəticələrinə əsasən seçicilərin42, 4 faizi müstəqilliyi dəstəkləyir, 47, 6 faiz isə “yox” deməyə hazırlaşır. Ancaq səsvermə bütövlükdə Avropa üçün mühüm hadisəyə çevrilib. Britaniya hökuməti Şotlandiyanın ayrılmaq qərarından narahatdır və mərkəzi hökumət rəsmiləri Şotlandiyaya səfər edərək görüşlər keçirir. bundan başqa nüfuzlu şirkətlər Şotlandiyanın ayrılması planına qarşı çıxıb və müstəqillik tərəfdarlarını iqtisadi tənəzzülə hədələyiblər. Çərşənbə axşamı Britaniyanın iqtisadiyyat və maliyyə nəhəngləri BP və Standard Life şirkətləri Şotlandiyanın müstəqilliyinə qarşı xəbərdarlıqla çıxış ediblər.BP şirkətinin icraçı direktoru Bob Dadli deyib ki, şotlandlar müstəqilliyin lehinə səs versələr, Şimal dənizindəki yataqlara investisiya qoyuluşu ciddi ziyan görə bilər.İcraçı direktor bu qənaətdədir ki, Şotlandiyanın ən böyük investisiya yatıranı – yəni elə BP, əyalət üçün daha yaxşı gələcəyə yalnız Birləşmiş Krallığın tərkibində təminat verə bilər.
Edinburqda yerləşən maliyyə nəhəngi – milyonlarla şotlandın pensiyalarını əmanət kimi saxlayan və artıran Standard Life sığorta şirkəti bir daha xəbərdarlıq edib ki, Şotlandiyanın müstəqilliyə səs verəcəyi təqdirdə o, əməliyyatlarının və ofislərinin əksəriyyətini buradan başqa yerlərə köçürəcək.Mətbuat xəbər verir ki, müstəqillik düşərgəsinin rəy sorğularında irəli keçdiyi vaxtdan bəri Standard Life şirkətinin səhmləri 3 faizədək qiymətdən düşüb.
Britaniya Hərbi Dəniz Donanmasının keçmiş rəhbəri (2009-2013) lord admiral MarkStanhope Şotlandiya millətçilərinin lideri AlexSalmond-a yazdığı məktubda onun “müstəqillik kampaniyasını” sərt tənqid edib. Baş nazir DevidKemeron isə şotlandlar qarşısında çıxışı zamanı bildirib ki, əgər onlar müstəqilliyi seçsələr onun ürəyi “həmişəlik sınacaq”.
Qeyd edək ki, tarixi mənbələr Şotlandiyada dövləti 9-cu əsrdə yaradılıb. Şotlandiya 1707-ci ildəİngiltərə ilə rəsmi ittifaq bağlayıb. Ancaq Şotlandiyada müstəqillik çağırışları hələ çox qədimdən mövcud olub. Son illərdə artan millətçi çağırışların fonunda 1997-ci ildə Şotlandiya məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.
32 vilayətə bölünən Şotlandiyanın ərazisi 78 min 772 kvadrat kilometr, əhalisi isə 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfərdir. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir. Şotlandiyanın paytaxtı Edinburq şəhəridir.