BAKI, 20 avqust. TELEQRAF

“İsrail heç bir ölkənin, o cümlədən Türkiyənin onun təhlükəsizliyini təhdid etməsinə imkan verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

Nazir iddia edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini Suriyada “təhlükəli macəra”ya sürükləyir. Kats İsrailin heç bir ölkənin onun təhlükəsizliyini təhdid etməsinə imkan verməyəcəyini vurğulayıb.

İsrael Kats Türkiyəni İsraili özünümüdafiə iradəsini sınamamağa çağırıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri avqustun 18-də Suriyanın İdlib vilayətində yerləşən Əbu Dühur hərbi hava bazasına zərbələr endirib. İsrail bunu Suriyanın Türkiyə qoşunlarının həmin bazada yerləşdirilməsinə icazə verməyə hazırlaşması ilə əsaslandırıb.

Türkiyə İsrailin irəli sürdüyü iddiaları “əsassız” adlandıraraq rədd edib, həmçinin Təl-Əvivin son addımlarına sərt təpki göstərib. Analoji açıqlama Dəməşq tərəfindən də səsləndirilib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barak İsrailin Türkiyəyə yönəlik addımlarının mümkün nəticələri ilə bağlı xəbərdarlıq edib.