BAKI, 11 aprel. TELEQRAF

İranın yeni Ali rəhbəri Müctəba Xamenei müharibənin əvvəlində Tehrandakı iqamətgahına hava zərbəsi zamanı ciddi və bədənində deformasiyaya səbəb olan xəsarətlər alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, zərbə zamanı o, üz və ayaqlarından ağır yaralanıb, hətta bir ayağını itirmiş ola bilər. Qeyd olunub ki, buna baxmayaraq, 56 yaşlı Xamenei əqli cəhətdən stabildir, fəaliyyətini uzaqdan davam etdirir, iclaslara səsli əlaqə vasitəsilə qoşulur, ABŞ ilə danışıqlar da daxil olmaqla əsas qərarlara təsir göstərir.

İranın BMT-dəki nümayəndəsi Müctəba Xameneinin vəziyyəti ilə bağlı sorğuya cavab verməyib. Onun martın 8-də atası və sələfi Əli Xameneinin ölümündən sonra vəzifəyə gəlməsindən bəri heç bir foto və ya videosu yayımlanmayıb. İctimaiyyət arasına da çıxmayıb, verdiyi bəyanatlar da yazılı formada yayımlanıb.

ABŞ-nin müdafiə naziri Pit Heqset də əvvəllər bəyan etmişdi ki, İran lideri yaralanıb, ciddi şəkildə şikəst olub.

Hadisənin fevralın 28-də İran və ABŞ-İsrail arasında müharibənin ilk günündə baş verdiyi deyilir. Nəticədə təkcə onun atası yox, ailəsinin bir neçə üzvü də həyatını itirib.

Analitiklərin fikrincə, travmalardan asılı olmayaraq, yeni liderin siyasi təsiri məhduddur və hakimiyyətini gücləndirməsi üçün vaxt lazım olacaq. Hazırda strateji qərarlarda əsas rolu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) oynayır.

Yeni ali rəhbərin uzun müddətdir görünməməsi müxtəlif şayiələrə və sosial şəbəkələrdə “Müctəba haradadır?” tipli memlərə səbəb olub. Hakimiyyət isə bunu təhlükəsizlik səbəbləri ilə izah edir.

Mənbələrə görə, onun ictimaiyyət arasında ilk çıxışı və ya yeni fotoşəkillərinin dərci yalnız bir neçə aydan sonra mümkün ola bilər, bu, səhhəti və təhlükəsizlik şəraitindən asılıdır.