BAKI, 11 fevral. TELEQRAF

“Coğrafiyamızın yenidən etibarlı mərkəz olmasını təmin etmək üçün çalışırıq. Qonşumuz Suriyanın 14 ildir özlədiyi sabitlik və sülhə sürətlə çatması ən böyük arzumuzdur”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyaya münasibətdə mövqeyimiz ilk gündən açıq və aydındır. Ərəb, türkman, kürd fərqi olmadan Suriyada bir nəfərin belə həyatını itirməsi, bizim də canımızdan bir parçanın itməsi deməkdir. Qardaş Suriya xalqı hər şeyin ən gözəlinə layiqdir. (SDQ terror təşkilatı ilə Dəməşq arasında əldə edilmiş) 18-30 yanvar razılaşmalarının “vahid ordu, vahid dövlət, vahid Suriya” prinsipi əsasında diqqətlə həyata keçirilməsini bu baxımdan önəmli hesab edirik.

İndi Suriyanın resurslarının - yeraltı və yerüstü sərvətlərinin Suriya xalqının bütün təbəqələrinin rifahı üçün xərclənməsinin vaxtı çatıb. İşğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə ilə bağlı böyük gözlənti də var”, - o bildirib.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Suriyadakı hadisələri yaxından izləməyə davam edəcək:

“Suriyada daimi sülhün yol xəritəsi artıq müəyyən olunub. Tərəflər səhv hesablar aparmamalı, eyni xətaları təkrar etməməli və maksimalist tələblərlə prosesi zəhərləməməlidirlər”.