BAKI, 5 fevral. TELEQRAF

“Suriyanın şimalında sabitlik və əmin-amanlığın bərqərar olunması bizi birbaşa maraqlandırır. Qonşumuzun “vahid dövlət, vahid ordu, vahid Suriya” anlayışı ilə bütövləşməsi bizim ən böyük arzumuzdur”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, SDQ terror təşkilatının Dəməşqlə imzaladığı razılaşmalara əməl etməsi Suriyada sülh mühitini gücləndirəcək və davamlı sabitliyi asanlaşdıracaq:

“Heç kim münaqişələri qızışdırmağı, gərginliyi artırmağı, vaxt udmağa çalışmağı ağlından belə keçirməməlidir. İndiyədək aparılan bütün səhv hesablar həm Dəməşq, həm də Ankaradan geri dönüb. Şübhəsiz ki, yenə də dönəcək.

Biz bütün rəngləri ilə vahid, bütöv, güclü və sakit Suriyanın tərəfdarıyıq. Suriyanın yanındayıq. Kürd, ərəb, türkmən, nüseyri demədən hamını sevgi ilə qucaqlayırıq. Suriya xalqı bizim dost və qardaşımızdır. Bizim problemimiz terrorladır, separatçı məqsədlərinə çatmaq üçün terroru yol və üsul kimi istifadə edənlərlədir.

Suriyanın şimalındakı problemin həlli ilə “Terrorsuz Türkiyə” prosesinin yükü də yüngülləşdi. Müvafiq parlament komissiya hesabatını tamamlamaq üzrədir. Arzumuz odur ki, hesabatda uzlaşma və prosesə dinamizm qazandıracaq baxış bucağı üstünlük təşkil etsin. “Terrorsuz Türkiyə” hədəfimiz atdığımız addımlarla terrordan azad bir bölgəyə doğru irəliləyir, İnşallah, hər iki məqsədə də nail olacağıq”.