BAKI, 3 fevral. TELEQRAF
“Kürd qardaşlarımızı YPG ilə eyniləşdirmək nadanlıqdır. Suriyada yeni siyasi-hərbi balans formalaşıb, dövlət hakimiyyəti təmin olunub. YPG-nin inteqrasiyası müsbət qarşılanır. Suriyada paralel ordu ancaq xəyal ola bilər, həmçinin Suriyadakı hadisələri bura daşımaq xoş niyyətli yanaşma deyil”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
MHP lideri xatırladıb ki, yanvarın 30-da Dəməşqlə SDQ arasında atəşkəs və Suriya ordusuna inteqrasiya mövzusunda razılaşma əldə olunub:
“Bu, dönüş nöqtəsidir. Artıq bağlanmış razılaşmanın icrasına dünən başlanıb. Suriyada “dövlət içində dövlət” olmayacağı dəqiqləşib. Qonşu ölkənin xəritəsi artıq bir rəngə bürünüb, işğalçılar zəbt etdikləri ərazilərdən çıxarılıb. Mühüm bir mərhələ geridə qalıb.
PKK-nın qurucu rəhbərliyi (Abdullah Öcalan) verdiyi vədlərdən sonra fəaliyyətini dayandırdı, təşkilatın ləğvini təmin etdi. Bu çağırış təşkilatın bütün tərkib hissələri tərəfindən qəbul olundu. Türkiyədə olduğu kimi, Suriyada da təxribatlar ola bilər. Səbirli və ehtiyatlı olmaq lazımdır”.