BAKI, 26 yanvar. TELEQRAF

İran hərbi komandanlığı ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini yaxından izləyir və ölkələrinin müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi tədbirlər görür.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə çoxsaylı hərbi gəmilərin yerləşdiriləcəyi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Bəqayi deyib ki, regiona hansısa gəminin göndərilməsi İranın möhkəmliyi və suverenliyini qorumaq əzminə heç bir şəkildə təsir göstərməyəcək:

“İran İslam Respublikasının Silahlı Qüvvələri bütün hərəkətləri yaxından izləyir, eyni zamanda müdafiə qabiliyyətini gücləndirmək, milli suverenlik və ölkənin ləyaqətini qorumaqda vaxt itirmir”.

Donald Tramp yanvarın 23-də ABŞ-nin İranı izlədiyini və bölgəyə böyük miqyasda qüvvə yerləşdirdiyini açıqlayıb. O, bu istiqamətdə nəhəng hərbi donanmanın hərəkət etdiyini bildirib. Amerika lideri dəfələrlə İrana güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq edib.