BAKI, 13 yanvar. TELEQRAF

“Amerika Birləşmiş Ştatlarının əlli yerə bölünəcəyi günlər uzaqda deyil”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“XIX əsrdə Osmanlı İmperiyasına “xəstə adam” damğası vurmuşdular. Bugünkü dünyada isə əsl xəstə adam Amerika Birləşmiş Ştatlarıdır. Daxildən çürümüş, böyük ölçüdə insani keyfiyyətini, məna və mövcudluq səbəbini itirmiş bir cəmiyyət quruluşuna malik olan Amerika Birləşmiş Ştatlarının kristal vaza kimi əlli yerə bölünəcəyi günlərin, inanın ki, uzaqda olmadığı qənaətindəyəm”, - MHP lideri bildirib.

Baxçalı əlavə edib ki, Vaşinqtonun Latın Amerikası və Yaxın Şərqin enerji mənbələrini istismar planı son çırpınışlarıdır.