BAKI, 9 yanvar. TELEQRAF
Türkiyə Dəməşqin Hələbdə "Suriya Demokratik Qüvvələri"nə (SDQ) qarşı keçirdiyi əməliyyat fonunda Suriya və ABŞ ilə daimi təmasdadır və vəziyyətin nizamlanması üçün danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə TRT təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişlərinə uyğun olaraq Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Suriya hökuməti və ABŞ ilə vəziyyətin sülh yolu ilə həlli məqsədilə danışıqları davam etdirir. Eyni zamanda, müvafiq kanallar vasitəsilə SDQ-yə də lazımi mesajlar ötürülür.
Qeyd edilib ki, hadisələr Türkiyə Xarici İşlər və Milli Müdafiə Nazirlikləri ilə tam koordinasiya şəraitində izlənilir və prezidentə proseslə bağlı real vaxt rejimində məlumat verilir.
Təhlükəsizlik mənbələri həmçinin bildiriblər ki, Hələbdə əməliyyatlar başladıqdan sonra Əşrəfiyyə və Bəni-Zeyd rayonlarının böyük hissəsi mərkəzi hökumətin nəzarətinə keçib. Suriya hökuməti SDQ qüvvələrinin bölgədən çıxarılmasını təmin etmək üçün səylərini davam etdirir və bu məqsədlə Fərat çayının şərqində təhlükəsiz dəhliz yaradılıb.