BAKI, 9 yanvar. TELEQRAF
Türkiyə Dəməşqin Hələb şəhərində SDQ terror təşkilatına qarşı apardığı əməliyyat kontekstində Suriya və ABŞ ilə daimi təmasdadır, vəziyyətin nizamlanması məqsədilə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə TRT təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişlərinə uyğun olaraq Milli Kəşfiyyat Təşkilatı (MİT) vəziyyətin sülh yolu ilə həlli üçün Suriya hökuməti və ABŞ ilə fasiləsiz danışıqlar aparır. Bundan əlavə, müvafiq kanallar vasitəsilə SDQ-yə də lazımi mesajlar ötürülür. Prezident hadisələr barədə real vaxt rejimində məlumatlandırılır. Xarici İşlər və Müdafiə nazirlikləri ilə tam koordinasiya şəraitində Türkiyənin təhlükəsizlik prioritetləri çərçivəsində hadisələr çoxşaxəli şəkildə izlənilir. MİT əməkdaşları isə ərazidə gecə-gündüz vəziyyəti diqqətlə izləyir.
TRT qeyd edib ki, Hələbdə əməliyyat başladıqdan sonra Əşrəfiyyə və Bəni-Zeyd məhəllələrinin əhəmiyyətli hissəsi Suriya hökumətinin nəzarətinə keçib:
“Suriya hökuməti SDQ ünsürlərinin bölgədən çıxarılması üçün səylərini davam etdirir. Bu çərçivədə SDQ üzvlərinin Fərat çayının şərqinə çəkilməsi üçün təhlükəsiz dəhliz yaradılıb”.
Xatırladaq ki, Hələbdə vəziyyət yanvarın 6-da, SDQ birləşmələrinin PUA-lardan istifadə edərək hökumət qüvvələrinin mövqelərinə hücum etməsindən sonra kəskinləşib. Hücum nəticəsində bir hərbçi həlak olub, bir neçəsi yaralanıb. Cavab olaraq Suriya ordusu Şeyx Maqsudda terror təşkilatına məxsus sursat anbarını məhv edib. Bundan sonra Hələbin bir neçə rayonunda intensiv qarşılıqlı zərbələr başlayıb.