BAKI, 8 yanvar. TELEQRAF
“Türkiyə üçün əsas həssas məsələ Suriyada sabitliyi təmin edəcək proseslərdir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib ki, SDQ terror təşkilatı Suriyada separatizm və terrora son qoymalıdır: “SDQ-nin əlində olanları qorumaqda israr etməsi Suriyanın qarşısında maneə yaradır. SDQ uzlaşmaq istəmir”.
Hakan Fidan “Türkiyənin Suriyaya birbaşa və ya dolayı təsirləri nələrdir” sualına belə cavab verib:
“Suriyalı tərəfdaşlarımızla daim təmasdayıq. Görmək istədiyimiz əsas məqam sabitlik və regional sülhdür. İsrailin regional ekspansionizmi isə bunun tam əksini göstərir. Bu dəyişməlidir. Türkiyə, Suriya və ABŞ arasında aparılan danışıqların Suriyanın ərazi bütövlüyü istiqamətində inkişaf edəcəyinə ümid edirik.
Əgər SDQ inteqrasiya prosesini həyata keçirsəydi, bunların heç biri baş verməzdi. Suriya hökuməti artıq öz yaralarını özü sağaltmağa başlayıb. SDQ də üzərinə düşəni etməlidir. Bunun əvəzinə isə biz onların İsrailin bölgədə “parçala, hökmranlıq et” siyasətinə alət olduqlarını görməyə başlamışıq”.
Xarici işlər naziri SDQ-nin Hələb vilayətində törətdiyi terror aktlarına da diqqət çəkib:
“Suriyada yaratmağa çalışdıqları paralel quruluşu heç bir dövlət qəbul etməz. Həm Suriya tərəfi, həm də Amerika tərəfi ilə intensiv danışıqlar aparırıq. Təəssüf ki, gedən bütün müsbət proseslərə baxmayaraq, SDQ müsbət addım atmaqdan imtina edir. Bu isə ya başqa yerlərdən fərqli göstərişlər aldıqlarını, ya da bizə qarşı ikili oyun oynandıqlarını göstərir.
Ümid edirəm ki, İsraillə koordinasiyalı hərəkət etməkdən vaz keçər, bölgənin əsas aktorları ilə birlikdə hərəkət edərlər”.