BAKI, 8 yanvar. TELEQRAF

Suriya ordusu Hələb vilayətində SDQ terror təşkilatına antiterror əməliyyatına başlayıb. Hazırda bu əməliyyat yalnız Suriya Silahlı Qüvvələri tərəfindən həyata keçirilir, amma müvafiq müraciət daxil olacağı təqdirdə Türkiyə yardım göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.

“Terror təşkilatının dinc əhali və təhlükəsizlik qüvvələrinə qarşı hücumundan sonra 4 nəfər həlak olub, 18 nəfər isə yaralanıb. Bu hadisədən sonra Suriya hökuməti ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Hələbdə antiterror əməliyyatına başlayıb. Əməliyyat yalnız Suriya ordusu tərəfindən aparılır. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Türkiyə Suriyada baş verən hadisələrin inkişafını diqqətlə izləyir. Ölkəmiz Suriyanın terror təşkilatlarına qarşı mübarizəsini Suriyanın birliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq dəstəkləyir. Bu çərçivədə, əgər Suriya müraciət edərsə, Türkiyə lazımi dəstəyi göstərəcək”, - o bildirib.