BAKI, 7 yanvar. TELEQRAF
Suriyanın Silahlı Qüvvələrinin operativ komandanlığı Hələbin şimalında yerləşən Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrini qapalı hərbi zona elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün yerli vaxtla saat 15:00-dan etibarən adıçəkilən ərazilərdə komendant saatı tətbiq olunub. Mülki əhaliyə kürd silahlı dəstələrinin mövqelərindən uzaq durmaq çağırışı edilib. Dinc sakinlərin ərazidən çıxması üçün Lirəmun yol ayrıcında humanitar dəhlizlər açılıb.
Qeyd edək ki, Suriyanın keçid hökumətinə bağlı qüvvələrlə kürd silahlı dəstələri arasında baş verən toqquşma nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
***
09:34
Suriyanın Hələb şəhərində vəziyyət gərginləşib.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, şəhərdə Hələb hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb, dövlət qurumları və təhsil müəssisələri bağlanıb, kütləvi toplaşmalara qadağa qoyulub.
Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında Suriyanın keçid hökumətinə bağlı qüvvələrlə kürd silahlı dəstələri arasında silahlı toqquşmalar baş verib.
Qarşıdurmalar nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Qeyd olunub ki, hakimiyyət Hələbə əlavə hərbi texnika göndərib. Yanvarın 7-də şəhərdə bütün təhsil müəssisələrində dərslər ləğv edilib.