BAKI, 29 dekabr. TELEQRAF
“Daxili və ya xarici mənbəli heç bir hücum, sui-qəsd və ya sabotaj biz haqlı davamız və “Terrorsuz Türkiyə” hədəfindən geri döndərə bilməz. Xüsusilə muzdlu qatil kimi meydana çıxarılan İŞİD terror təşkilatının bildiyimiz düşmənlər tərəfindən üzərimizə yönəldilməsi ölkə və milləti qorxuda, milli iradə və mövqeni sarsıda bilməz”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Terrorsuz Türkiyə” hədəfinin nə qədər doğru və tarixi bir siyasi baxış olduğu bir daha aydın görünür. İŞİD-in gizli-açıq və passiv-fəal terrorçu hücrələrinin tam təmizlənməsi istiqamətində güzəştsiz mübarizə davam etdiriləcək, bu müqəddəs vətəndə heç bir terrorçuya, heç bir xain və düşmən niyyətə yol verilməyəcək.
Millətimiz rahat olsun, terror bəlasının kökü hər tərəfdən qazılıb məhv ediləcək”, - MHP sədri bildirib.
Dövlət Baxçalı İŞİD terror təşkilatını “sionist-imperialist alçaqlığın aləti” adlandırıb.
Xatırladaq ki, bu gün Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı keçirilən antiterror əməliyyatı zamanı 3 polis şəhid olub, 9-u yaralanıb.