BAKI, 12 dekabr. TELEQRAF

SDQ terror təşkilatının 10 mart razılaşmasına baxmayaraq Suriya ordusuna inteqrasiya etmək əvəzinə fəaliyyətlərini davam etdirməsi, ölkədə yaradılmağa çalışılan sabitlik və təhlükəsizlik mühitinə zərər verməyə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

“Bəzi ölkələrin davranış və bəyanatları nəticəsində SDQ terror təşkilatının inteqrasiya olmama və silahları təhvil verməmə mövqeyinə təşviq edildiyini görürük. SDQ-nin 10 mart razılaşması çərçivəsində Suriya ordusuna birlik olaraq deyil, fərdi şəkildə inteqrasiya olmasını gözlədiyimizi əvvəllər də bəyan etmişik. SDQ-nin zaman qazanmaq cəhdləri də boşuna olacaq. İnteqrasiya prosesindən başqa heç bir yol nəticə verməyəcək”, - o vurğulayıb.

Zəki Aktürk Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı fəallığı ilə bağlı yayılan məlumatları da şərh edib:

“Keçən həftə Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisindəki rutin fəaliyyətlərinə aid görüntülərlə əlaqədar əməliyyat hazırlığı aparıldığı iddiaları gündəmə gəlib. Görüntülərdə əks olunan fəaliyyətlərimiz rutin yerdəyişmə ilə bağlıdır.

Burada əsas diqqət yetirilməli olan Türkiyə Silahlı Qüvvələrinin hərəkətlərindən çox SDQ terror təşkilatının vəziyyəti və Suriya ordusunun fəaliyyətləridir”.