BAKI, 9 dekabr. TELEQRAF
İranlı siyasi məhbus Kaveh Əhmədzadə həbsxana rəhbərliyinin onun səhhətinin ağırlaşmasına biganə qalması səbəbindən vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə “Hana” İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bukan həbsxanası Əhmədzadənin ölüm səbəbinin ürək dayanması olduğunu iddia edib.
Hesabata görə, siyasi məhbusun cəsədi tibbi ekspertiza üçün Urmiya Tibb Ekspertizası İdarəsinə göndərilib və ölüm səbəbi barədə heç bir izahat verilmədən ailəsinə təhvil verilib.
Məhbusun ailəsinə yaxın bir mənbə “Hana”ya bildirib ki, həbsxana rəsmiləri Əhmədzadənin ölüm xəbərini yaxınlarına təxminən 24 saat gecikmə ilə çatdırıblar.
Kaveh Əhmədzadə siyasi fəaliyyətlərinə görə təxminən 10 il həbsdə olub.
Qeyd edilib ki, son üç ayda İranda siyasi və qeyri-siyasi bir neçə məhbusun tibbi xidmətlərdən məhrum edilməsi səbəbilə həyatını itirməsi ilə bağlı hesabatlar yayılıb.