BAKI, 1 dekabr. TELEQRAF
“Suriya iqtisadi böhran və keçmişin yaralarından tədricən bərpa olunur”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində deyib.
“Təxminən bir il əvvəlki inqilabdan bəri təxminən 500 min nəfər Türkiyədən Suriyaya geri qayıdıb. Vəziyyət bir-iki il ərzində müsbət yöndə inkişaf edərsə, bu rəqəm daha da artacaq, çünki ora onların vətənidir, iqtisadi imkanlar da yaranacaq. Regional ölkələr, eləcə də Türkiyə, Almaniya, Avropa və ABŞ Suriyanın xroniki problemlərini həll etmək üçün eyni istiqamətdə səylər göstərirlər. Bu prosesdə ən böyük risk İsraildir.
Artıq bəyan etmişik ki, (Suriya ilə bağlı) təhlükəsizlik üzrə narahatlıqlarını müvafiq tərəflərə bildirsinlər ki, bunlarla məşğul olunsun. Amma bütün bu təhdidlərə qarşı bombardmanlarla cavab verməyə başlayırsınızsa, bu, başqa bir mesaj verir”, - xarici işlər naziri bildirib.