BAKI, 22 noyabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın şərqində “Hizbullah” Hərəkatının yeraltı obyektləri və bazalarına kütləvi hücumlar həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, Bədnail, Tərayyə və Şimstar şəhərlərinin ətrafında güclü partlayışlar baş verib. Şahidlər bildiriblər ki, hava hücumuna məruz qalan bölgələrdən qalın tüstü dumanları göyə qalxır. Həlak olanlar və yaralananlar barədə məlumat verilmir.

Qeyd edilib ki, İsrail təyyarələri hələ də Livanın hava məkanındadır və Bəka vadisi ilə Suriya sərhədində dağlıq ərazilər üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirirlər. Hava hücumları barədə məlumatlar Livanın cənubundan da daxil olub, burada İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”a aid hədəfləri vurublar.

Günün birinci yarısında İsrail PUA-larının hücumları zamanı Nəbatiyyə vilayətində “Hizbullah”ın iki üzvü öldürülüb, daha beş nəfər yaralanıb.