
BAKI, 23 iyun. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin Tehrana hücumlarının son dalğasında 50 döyüş təyyarəsi iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Tehrana hücumların son dalğasında 50 döyüş təyyarəsi iştirak edib. İran rejiminin müxtəlif hədəfləri hücuma məruz qalıb: hərbi qərargahlar, raket və radar istehsalı sahələri, Tehran ərazisindəki raket anbarı infrastrukturu və sair”, - məlumatda deyilir.
***
15:20
İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda “Tarallah” və “Seyyid əl-Şühəda” briqadalarının qərargahlarını da məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri İranın daxili təhlükəsizlik xidmətlərinin qurumları və daxili işlərlə əlaqədar digər obyektlər də daxil olmaqla, Tehranı daxili təhdidlərdən müdafiə etmək üçün nəzərdə tutulmuş “Tarallah” Qərargahına zərbələr endirib. Bundan əlavə, daxili təhdidləri, paytaxtdakı iğtişaş və etirazları yatırmaqdan məsul olan “Seyyid əl-Şühəda” briqadası da hücuma məruz qalıb”, - məlumatda deyilir.
***
15:00
Son iki saat ərzində İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hədəflərə 100-dən çox sursat atıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Hava zərbələri zamanı İranın paytaxtında İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Bəsic qüvvələrinin qərargahı dağıdılıb.
Yerli KİV İsrail ordusunun İran Qızıl Aypara Cəmiyyətinin binası yaxınlığını da bombardman etdiyini yazıb.
İranın Elektrik Şirkətindən isə bildirilib ki, hücum nəticəsində Tehranın şimalını elektrik enerjisi ilə təmin edən əsas xətlərdən biri zədələnib. Bu, bölgədəki rayonlarda elektrik enerjisinin kəsilməsinə səbəb olub.
***
13:58
İsrail ordusu Tehranda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic Qərargahı, siyasi məhbuslar və rejim əleyhdarlarının saxlanıldığı Evin həbsxanası, “Fələstin” meydanında qoyulmuş “İsrailin dağılmasına qalan zaman saatı”, Daxili Təhlükəsizlik Xidmətinin Qərargahı, SEPAH-ın Baş İdarəsi və digər qurumların binalarını vurub.
Teleqraf xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Kats məlumat verib.
İsrail Müdafiə Qüvvələrindən isə yerli KİV-ə bildirilib ki, bu gün SEPAH-ın bazalarına qarşı həyata keçirilən hücumlar zamanı çoxlu sayda canlı qüvvə məhv edilib.
***
13:30
İsrail Hərbi Hava Qüvvələri İran Energetika Nazirliyinin binası və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic Qərargahına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Hücum zamanı digər dövlət və hökumət binaları, eləcə də dövlət televiziyasının hədəfə alındığı bildirilib.
Həmçinin İsrail Müdafiə Qüvvələrindən bildirilib: “SEPAH-ın qərargahına hücum edirik. İranın mərkəzində atəşə hazır olan iki raket buraxılış qurğusunu vurduq”.
***
13:07
İsrail Hərbi Hava Qüvvələri Tehranda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahını vurub.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Hücum zamanı paytaxtdakı Evin həbsxanası da hədəfə alınıb.
“Iran İnternational” bu barədə yazır: “İsrail ordusu Tehranda rejim müxalifləri və siyasi məhbuslar üçün ən böyük həbsxana kimi məşhur olan Evin həbsxanasının giriş qapısına simvolik hücum həyata keçirib”.
Həmçinin İsrail Müdafiə Qüvvələrinin Tehranda Şəhid Beheşti Universitetinə də zərbələr endirdiyi qeyd edilib.
***
12:33
İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran şəhərində zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail hərbi aviasiyası Tehrandakı hərbi hədəflərə növbəti hücumlar dalğasına başlayıb.
Zərbələrdən sonra İranın paytaxtında güclü partlayış səslərinin eşidildiyi bildirilib.
İsrail Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra Tehranın şimalının bir hissəsi elektriksiz qalıb.
Hava hücumlarından sonra şəhərin bir çox istiqamətlərində tüstü qalxıb.
“Bütün şəhər tüstülənir”, - İsrail KİV yazır.