BAKI, 21 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Lütfi Kırdar Konqres Mərkəzində İran xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.

Ərdoğan qəbul zamanı bildirib ki, Türkiyə İsrailin Qəzza, Livan və Suriyaya qarşı hücumlarında olduğu kimi, İrana qarşı hücumları qarşısında da prinsipial və qətiyyətli mövqe nümayiş etdirir.

O əlavə edib ki, qarşıdurmaların dayandırılması və diplomatik həll yollarına qayıdılması üçün müxtəlif təmaslar həyata keçirilir.

Prezident vurğulayıb ki, bölgə artıq yeni bir müharibəyə tab gətirə bilməz və İsrail dərhal dayandırılmalıdır. O qeyd edib ki, nüvə mübahisəsinin həlli yalnız danışıqlar yolu ilə mümkündür.

Dövlət başçısı əlavə edib ki, Türkiyə vasitəçilik də daxil olmaqla, üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. O, İran ilə ABŞ arasında həm texniki səviyyədə, həm də liderlər səviyyəsində aparılacaq danışıqların tezliklə baş tutmasının vacibliyini və diplomatik təşəbbüslərə başlanmasının zəruriliyini vurğulayıb. Prezident Ərdoğan, Türkiyənin bu istiqamətdə dəstəyini davam etdirəcəyini bildirib.