BAKI, 18 aprel. TELEQRAF

ABŞ Suriyadakı hərbi qüvvələrini Türkiyə ilə razılaşma çərçivəsində çıxarır.

Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı mənbələrə istinadla məlumat yayıb.

“Bir müddətdir Türkiyə ilə Amerika arasında bu mövzuda danışıqlar aparılırdı. ABŞ-nin, xüsusən də Trampın nöqteyi-nəzəri məlum idi. Bu danışıqlarda ABŞ-yə nə üçün yerdə əsgər qalmamalı və ya daha az qalmalı olduğu açıq şəkildə izah edilib.

ABŞ-nin İran və Rusiyadan başqa iki problemi vardı: İŞİD üzvlərinin saxlanıldığı düşərgələr və həbsxanaları, kürdlərin taleyi. Artıq kürdlərin taleyi həll olunub. Amerikalılar bunu gördülər. Suriya Prezidenti Əhməd Şaraa ilə SDQ/YPG lideri Mazlum Abdi arasında əldə olunan razılaşmadan sonra deyə bilərik ki, həm ABŞ, həm də Türkiyə bu mövzuda daha sürətli hərəkətə keçmək zərurətində konsensusa gəlib”, - məlumatda deyilir.

İŞİD məsələsinə gəlincə, kanal bildirir ki, Suriyanın şimalında yerləşən düşərgə və həbsxanalar ABŞ qüvvələrinin bölgədən çəkilməsindən sonra Suriya ordusunun nəzarətinə keçəcək.

“Təxminən 4-5 gün əvvəl amerikalılar öz qoşunlarını yavaş-yavaş azaltmağa başlayıblar. Ən önəmlisi, SDQ-nin Dəməşqlə anlaşmasının ən mühüm səbəbi Amerika rəsmilərinin ona Suriyadan çəkiləcəklərini bildirmələri olub. ABŞ qüvvələrinin tam çıxması gözlənilmir. ABŞ-nin bunun üçün ilin sonuna qədər nəzərdə tutulmuş cədvəli var. Qərar bu təqvimə görə veriləcək və bölgədəki proseslər də təsirli olacaq. Təkcə bu deyil, ABŞ uzun müddətdir SDQ-yə sursat göndərmir”, - telekanal əlavə edir.

Xatırladaq ki, bundan öncə “New York Times” ABŞ-nin Suriyadakı silahlı qüvvələrinin sayını azaltmağa başladığı barədə məlumat yayıb. Nəşr yazır ki, Vaşinqton ölkədəki 2000-lik canlı qüvvəsinin sayını 500-dək azaldacaq. Bundan başqa, Amerika Suriyanın şimal-şərqindəki 8 bazasından 3-nü bağlayacaq.