
BAKI, 12 mart. TELEQRAF
ABŞ Dövlət katibi Marko Rubio Suriya Prezidenti Əhməd Şaraa ilə PKK terror təşkilatına bağlı “Suriya Demokratik Qüvvələri”nin (SDQ) lideri Fərhad Abdi Şahin arasında əldə olunan razılaşmadan danışıb.
Teleqraf xəbər verir ki, o, Vaşinqtonun anlaşmanı dəstəklədiyini deyib.
“Birləşmiş Ştatlar Suriyanın müvəqqəti hökuməti ilə “Suriya Demokratik Qüvvələri” arasında şimal-şərq bölgəsinin vahid Suriyaya inteqrasiyası barədə elan edilmiş razılaşmanı alqışlayır. ABŞ gələcək münaqişələrdən qaçmağın ən yaxşı yolu kimi etibarlı, məzhəbdənkənar idarəetməni nümayiş etdirən siyasi keçidi dəstəklədiyini bir daha təsdiqləyir”, - Rubio bildirib.
Xatırladaq ki, SDQ ilə Suriya rəhbərliyi arasında müqavilə martın 10-da imzalanıb. Razılaşma SDQ-nin Suriya ordusuna inteqrasiyasını nəzərdə tutur.
Əlavə edək ki, “Suriya Demokratik Qüvvələri” 2015-ci ildə Suriyanın şimal-şərqində öz “muxtariyyət”ini elan edib.