BAKI, 7 sentyabr. TELEQRAF
“Biz iqlim sahəsində şəffaflıq hesabatını vaxtında təqdim etdik və bu, digər ölkələri də eyni addımı atmağa təşviq etdi. Nəticədə təqdim olunan hesabatların sayı 100-ü keçdi”.
Teleqraf xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi (XİN) İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev “Bakı İqlim Həftəsi 2026"da çıxışı zamanı deyib.
O vurğulayıb ki, COP-a ev sahibliyi etmək yalnız təşkilati və ya logistika məsələsi deyil. Bu, böyük diplomatik, təşkilati və digər istiqamətlər üzrə çoxsaylı fəaliyyət tələb edən mürəkkəb bir prosesdir.
“Bu sahədə nisbətən yeni ölkə kimi biz üzərimizə götürdüyümüz öhdəliyə çox ciddi yanaşdıq.
Danışıqlar və yekun nəticələr baxımından əldə etdiklərimiz karbon bazarları, emissiyaların azaldılması, uyğunlaşma və digər istiqamətlər üzrə nəticələr müəyyən mənada tarixi əhəmiyyət daşıyır. Onların bəzilərini hətta Paris Sazişinin özü ilə müqayisə etmək olar.
Çünki Paris Sazişinin əsas sütunlarından biri maliyyənin təmin edilməsidir. Maliyyə olmadan 140-dan çox tərəf onlardan gözlənilən öhdəlikləri həyata keçirə bilməz. Onlar Bakıya çox yüksək gözləntilərlə gəlmişdilər və bu gözləntilər qarşılanmalı idi. Eyni zamanda, burada digər tərəflərin də öz gözləntilərinin reallaşması üçün çərçivə yaradılmalı idi.
Məsələ yalnız rəqəmləri ortaya qoymaq və ya kağız üzərində razılaşma əldə etməkdən ibarət deyil. Əsas diqqət onun necə həyata keçiriləcəyinə yönəlməlidir”,- Elçin Allahverdiyev vurğulayıb.