BAKI, 10 iyul. TELEQRAF

Azərbaycan və Meksika arasında parlamentlərarası əməkdaşlıq son dövrdə daha da fəallaşıb və bu il Meksika-Azərbaycan Dostluq Qrupunun sədrinin Bakıya səfəri planlaşdırılır.

Bunu Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Teleqraf-a müsahibəsində deyib.

Diplomat bildirib ki, parlamentlərarası dialoq hər iki ölkənin qanunverici orqanları arasında müntəzəm səfərlər və fikir mübadiləsi vasitəsilə əməkdaşlığın əsas mexanizmlərindən biridir.

Fevralın 9-dan 13-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bir qrup deputatının Meksikaya səfərini xatırladan diplomat azərbaycanlı deputatların Meksika Konqresinin hər iki palatasının rəhbərləri, xarici işlər nazirinin müavini və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirdiyini vurğulayıb.

O əlavə edib ki, bu il Meksika-Azərbaycan Dostluq Qrupunun sədri, deputat Dulse Mariya Korina Vilyeqasın Bakıya səfəri planlaşdırılır.