BAKI, 10 iyul. TELEQRAF
Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli siyasi məsləhətləşmələr, parlament diplomatiyasının güclənməsi və iqtisadi sahədə qeydə alınan rekord göstəricilər tərəfdaşlığımızın dinamikasını göstərir. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Teleqraf İnformasiya Agentliyinə müsahibəsində münasibətlərin bugünkü mənzərəsi, Cənubi Qafqazda sülh prosesi və qarşıdakı ortaq layihələr haqqında ətraflı məlumat verib.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan və Meksika arasında diplomatik münasibətlərin qurulmasından xeyli vaxt keçib. Ötən illər ərzində siyasi dialoqun dinamikasını necə qiymətləndirirsiniz və hazırkı prioritetlər nədən ibarətdir?
- Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlər 34 il əvvəl başlayıb. Xüsusilə qeyd etmək istərdim ki, 2026-cı il münasibətlərimizdə bir çox hadisənin ilk dəfə baş verdiyi il kimi yadda qalır. Son illərdə siyasi aktorlar arasında artan qarşılıqlı əlaqələr və iqtisadi mübadilənin genişlənməsi nəticəsində ikitərəfli münasibətlər əhəmiyyətli dərəcədə möhkəmlənib. Əlaqələr yenidən canlandırılıb və əməkdaşlıq sahələri genişləndirilib. Bu inkişaf hər iki ölkənin mənsub olduğu strateji regionlarda mövqeyini gücləndirmək istəyini əks etdirir.
İkitərəfli siyasi məsləhətləşmələr mexanizmi dialoq üçün əsas institusional platforma kimi xüsusi əhəmiyyət daşıyır. Bu günədək üç iclas keçirilib və dördüncü görüşün 2026-cı ilin sonunadək Bakıda keçirilməsi planlaşdırılır. Hazırda son üç ildə əldə olunmuş nəticələri nəzərdən keçirərək və gələcək öhdəliklər irəli sürərək bu mexanizmi daha da möhkəmləndirmək üzərində çalışırıq.
Eyni zamanda, çoxtərəfli qurumlar və forumlar çərçivəsində keçirilən görüşlər, eləcə də xarici işlər nazirləri arasında məktub və digər yazışmalar müntəzəm və mühüm xarakter daşıyır. Biz bu dinamikanı qoruyub saxlamaqda qərarlıyıq.
Parlamentlərarası davamlı dialoq da siyasi münasibətlərin inkişafına töhfə verib. Biz Meksika və Azərbaycan parlamentlərində fəaliyyət göstərən Dostluq Qruplarının işini dəstəkləməyə və bu istiqamətdə əməkdaşlığı davam etdirməyə hazırıq.
İkitərəfli ticarət dövriyyəsi davamlı artım nümayiş etdirərək tariximizdə ilk dəfə yüz milyonlarla dollar səviyyəsinə çatıb. Məqsədimiz ticarətin asanlaşdırılması mexanizmlərini genişləndirmək, biznes missiyalarını təşviq etmək, mövcud imkanları konkret layihələrə çevirmək və iqtisadi gündəliyi şaxələndirməkdir. Bizə Azərbaycanda Prezident Klaudiya Şeynbaum tərəfindən 2025-ci ilin yanvarında təqdim edilmiş, altıillik milli inkişaf strategiyası olan "Meksika Plan"ını təşviqi tapşırılıb. Bu strategiya kapitalın konkret layihələrə cəlb edilməsinə və yönəldilməsinə xidmət edir.
Bundan əlavə, yerli hakimiyyət orqanları ilə hərtərəfli əməkdaşlıq gündəliyimizi davam etdirəcəyik. Bu yanaşma siyasi, iqtisadi və kommersiya əlaqələrinin, eləcə də təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına imkan yaradacaq.

- Milli Məclisin nümayəndə heyəti bu ilin əvvəlində Meksikada səfərdə olub. Bu səfər və yeni yaradılan Dostluq Qrupu parlament diplomatiyasına nə qatacaq?
- Parlamentlərarası dialoq hər zaman hər iki ölkənin qanunvericiləri arasında müntəzəm səfərlər və fikir mübadiləsi vasitəsilə fəal əməkdaşlıq mexanizmi olub. Fevralın 9-dan 13-dək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdiyi nümayəndə heyəti Meksikaya səfər edib. Nümayəndə heyətinə Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva və qeyd olunan qrupların üzvü Sevinc Fətəliyeva da daxil idi.
Saməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksika-Azərbaycan Dostluq Qrupunun təsis mərasimində fəxri qonaq qismində iştirak edib. Azərbaycanlı deputatlar həmçinin Meksika Konqresinin hər iki palatasının rəhbərləri, xarici işlər nazirinin müavini və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçiriblər.
Xüsusi diqqət çəkmək istərdim ki, Azərbaycanın Müstəqillik Günü münasibətilə Meksika Konqresində ikitərəfli münasibətlərimizin tarixində ilk dəfə rəsmi mərasim təşkil olunub. Bu il Meksika-Azərbaycan Dostluq Qrupunun sədri, deputat Dulse Mariya Korina Vilyeqasın bir neçə aydan sonra Bakıya səfəri planlaşdırılır.
- Cənubi Qafqazda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycanın atdığı addımları və regiondakı yeni reallıqları Meksika necə qiymətləndirir?
- Meksika sülhü təşviq edən və münaqişə əvəzinə dialoqa üstünlük verən ölkədir. Meksikanın Xarici İşlər Nazirliyi 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında imzalanmış paraflanmış sülh sazişi münasibətilə hər iki ölkəni rəsmi şəkildə təbrik edib. Biz bu razılaşmanı alqışladıq və bildirdik ki, bu sənəd Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.

- Ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq barədə nə deyə bilərsiniz? Cari ticarət dövriyyəsi hansı səviyyədədir?
- İkitərəfli ticarət sürətlə inkişaf edir və 2025-ci ildə rekord həddə - 306,2 milyon ABŞ dollarına çatıb. Meksika Azərbaycanın dünyada 17-ci ən böyük təchizatçısı mövqeyini tutub və xüsusilə qızıl, nəqliyyat vasitələri, sənaye məhsulları və içkilər kimi yüksək dəyərli strateji məhsullar üzrə əhəmiyyətli yer tutur. Aqrar-qida məhsulları - avokado, kakao, şokolad, noxud, tekila, tibbi ləvazimat və avadanlıqlar, həmçinin neft-qaz və polad sənayesi üçün ixtisaslaşmış peşəkar xidmətlərin ixracı hesabına iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Azərbaycanın metallurgiya, energetika, aqrar sənaye və logistika kimi sahələrində mövcud imkanları fonunda iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi vacibdir. Azərbaycanın hasilat və emal sənayesində mühüm potensialı var. Meksika isə istehsal sənayesi, kənd təsərrüfatı məhsullarının ixracı və əlavə dəyər zəncirləri sahəsində geniş təcrübəyə malikdir. Bu isə investisiya və ticarət baxımından qarşılıqlı tamamlayıcılıq yaradır.
Biz həmçinin prioritet sahələri müəyyən etməklə və hər iki ölkənin şirkətlərinin birgə layihələrdə iştirakını asanlaşdıracaq şərait yaratmaqla qarşılıqlı investisiyaların təşviqini və cəlbini gücləndirməyi hədəfləyirik.
- İqtisadiyyatdan başqa, digər hansı sahələrdə Meksika və Azərbaycan qarşılıqlı sərfəli əməkdaşlıq qura bilər?
- Hər iki ölkənin universitetləri və akademik mərkəzləri arasında əlaqələrin dərinləşdirilməsi üçün əhəmiyyətli imkanlar mövcuddur. Tələbə və müəllim mübadiləsi proqramlarının inkişafına, həmçinin tədris və elmi-tədqiqat sahəsində birgə əməkdaşlığa qarşılıqlı maraq artır.
Bu baxımdan mövcud razılaşmaların gücləndirilməsi, son illərdə fəallıq göstərilməyən sazişlərin yenidən aktivləşdirilməsi və yeni əməkdaşlıq sənədlərinin imzalanmasının təşviqi məqsədəuyğundur. Bu addımlar akademik şəbəkələrin möhkəmlənməsinə, bilik mübadiləsinin genişlənməsinə və dəqiq elmlər, sahibkarlıq, süni intellekt, turizm, kənd təsərrüfatı və digər ortaq maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcək.

- WUF13 Bakıda keçirilib, WUF14 isə Meksikada baş tutacaq. Bu qlobal forumların ikitərəfli münasibətlərin dərinləşməsinə töhfəsini necə şərh edərdiniz?
- WUF13-də Meksika indiyədək Azərbaycana səfər etmiş ən yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunurdu. Heyətə şəhərsalma naziri, xarici işlər nazirinin çoxtərəfli məsələlər üzrə müavini və Mexiko şəhərinin meri daxil idi. Biz Azərbaycanın forumu yüksək səviyyədə təşkil etməsini yüksək qiymətləndiririk və Bakıda keçirilən tədbirdən sonra estafeti qəbul etdik, çünki Dünya Şəhərsalma Forumunun 14-cü sessiyası 2028-ci ildə Meksikada keçiriləcək. Mexiko şəhəri WUF13-də fəal iştirak etdi. Tədbir çərçivəsində Meksikanın pavilyonu təqdim olundu və Mexiko şəhərinin meri rəsmi şəkildə bəyan etdi ki, WUF14-ə 2028-ci ildə Meksika ev sahibliyi edəcək.
Forum çərçivəsində Meksika davamlı inkişafın əsas elementi kimi insan mərkəzli və inklüziv şəhərləşmənin təşviqinin vacibliyini vurğuladı. Meksikanın şəhərsalma naziri insan hüquqlarına, o cümlədən yerli xalqların hüquqlarına əsaslanan yanaşmanın vacibliyini, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyini qeyd etdi. Eyni zamanda, Mexiko şəhərində daha ədalətli, inklüziv, dayanıqlı və hər kəs üçün əlçatan şəhərlərin yaradılmasına xidmət edən təcrübələrin müzakirəsinə və paylaşılmasına çağırış etdi.
- Yaxın gələcəkdə iki ölkə arasında yüksək səviyyəli rəsmi səfərlərin həyata keçirilməsi və ya yeni sənədlərin imzalanması nəzərdə tutulubmu?
- Hazırda qarşıdakı aylarda Bakıda keçiriləcək ikitərəfli siyasi məsləhətləşmələr mexanizminin dördüncü iclasının təşkili üzərində işləyirik. Bu görüş mühüm əhəmiyyət daşıyacaq, çünki hər iki ölkənin xarici işlər nazirinin müavinləri son üç ildə əldə olunmuş nəticələri qiymətləndirəcək və ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsi üçün yeni öhdəliklər qəbul edəcəklər.
Hüquqi bazanın daha da genişləndirilməsinə maraq var. Bunu diaspor məsələlərinə məsul qurumlar arasında bu yaxınlarda imzalanmış memorandum, eləcə də təhlükəsizlik və müdafiə sahəsində Anlaşma Memorandumunun Azərbaycan tərəfindən imzalanmağa təqdim olunması bunun bariz nümunəsidir. Bundan əlavə, gömrük əməkdaşlığı haqqında saziş üzrə texniki danışıqların başa çatdırılması da xüsusi qeyd olunmalıdır.
