BAKI, 4 iyun. TELEQRAF

Rusiya Azərbaycanla mövcud olan çoxşaxəli əlaqələrin bütün istiqamətlər üzrə ardıcıl və dinamik şəkildə genişləndirilməsində maraqlıdır və bu mövqedə qətiyyətlidir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində çıxışı zamanı bəyan edib.

Diplomat Moskva ilə Bakı arasındakı tərəfdaşlığın gələcək perspektivlərinə toxunaraq rəsmi mövqeyi bir daha təsdiqləyib:

"Rusiya tərəfi Azərbaycanla qarşılıqlı münasibətlərin bütün kompleksini yüksələn xətt üzrə inkişaf etdirmək niyyətindədir və bu prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Biz dərindən inanırıq ki, sıx əməkdaşlıq həm Rusiya, həm də Azərbaycan xalqlarının köklü və strateji maraqlarına tam cavab verir. Odur ki, ikitərəfli əlaqələrimizdə qazanılmış mövcud yüksək inkişaf tempini bundan sonra da qoruyub saxlamaq və daha da sürətləndirmək əzmindəyik".