BAKI, 3 iyun. TELEQRAF
1984-cü ildə baş vermiş Amritsar hadisələri Hindistanda etnik və dini azlıqlara münasibətin göstəricisi olmaqla yanaşı, repressiya və ayrı-seçkilik siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin hadisələrdən sonra milyonlarla siqh ölkəni tərk edərək ABŞ, Böyük Britaniya və Kanadada böyük diaspor icmaları formalaşdırıb və öz hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətə başlayıblar.
BTQ rəsmisi bildirib ki, sonrakı mərhələdə Hindistanın həyata keçirdiyi təzyiq siyasəti ölkə hüdudlarını aşaraq transmilli xarakter alıb və müxtəlif icmaların nümayəndələrinə qarşı da tətbiq olunmağa başlayıb.
Abbas Abbasov vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu 2025-ci ildən etibarən siqh icmasının nümayəndələri ilə əməkdaşlığa başlayıb:
“2026-cı ildə dalit icmasının təmsilçiləri ilə də ilkin təmaslar qurulub və yaxın aylarda birgə layihələrin təqdimatı planlaşdırılır. Dalitlər uzun illərdir ayrı-seçkilik və müxtəlif təzyiq formaları ilə üzləşən böyük icmalardan biridir. Onların hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur”.