BAKI, 3 iyun. TELEQRAF

1984-cü il Amritsar hadisələrinin beynəlxalq müstəvidə soyqırımı kimi tanınması üçün hüquqi əsaslar mövcuddur və bu yolda Bakı Təşəbbüs Qrupu ilə tərəfdaşlıq mühüm addımdır.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Siqh Federasiyasının təmsilçisi Basset Sinqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda jurnalistlərə açıqlamasında deyib.

İcma təmsilçisi qeyd edib ki, 1984-cü ildə başlayan soyqırımı siyasəti bitməyib, sadəcə forma dəyişərək transmilli repressiyalar şəklində davam edir:

“Rəsmi Dehli sərhədləri aşaraq Kanada və Böyük Britaniyada siqh fəallarına qarşı sui-qəsdlər təşkil edib, ABŞ-də planlaşdırılan analoji cəhdin qarşısı isə son anda yerli hökumət tərəfindən alınıb”.

Azadlıq və bərabərlik mübarizəsinin hələ də fərqli cəbhələrdə sürdüyünü deyən B.Sinqh vurğulayıb:

"Biz ayrıca dövlət yox, sadəcə başımızı dik tutaraq yaşamaq və bərabərhüquqlu görülmək istəyirik".