BAKI, 27 may. TELEQRAF

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən Haaqa şəhərində rəsmi ziyafət təşkil olunub.

Teleqraf səfirliyə istinadla xəbər verir ki, tədbirdə, habelə Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası diqqət mərkəzində olub.

Tədbir yenicə təsis olunmuş Azərbaycan-Niderland Ticarət Palatasının təqdimatı ilə də yadda qalıb.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs etmiş, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiya nəticəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Diplomat Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə və beynəlxalq miqyasda orta gücə çevrildiyini vurğulamış, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası, eləcə də regionda dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən təşəbbüs və səylər barədə məlumat verib.

M.Əhmədzadə çıxışında Azərbaycan ilə Niderland arasında son dövrlərdə intensivləşən siyasi dialoq, yüksək səviyyəli görüşlər, qarşılıqlı səfərlər, ticarət dövriyyəsi və investisiya qoyuluşundakı artım, humanitar sahələrdə mübadilələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib. O, bir neçə gün öncə nüfuzlu şirkətlərin təşəbbüsü ilə təsis olunmuş Azərbaycan-Niderland Ticarət Palatasının təqdimatının da tədbir çərçivəsində keçiriləcəyini bildirərək, bunu iki ölkə arasındakı münasibətlərin inkişafının mühüm göstəricisi kimi dəyərləndirib.

Diplomat, həmçinin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasını və Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla təşkil edilməsini xüsusi qeyd edib. O, Niderlandın forumda geniş nümayəndə heyəti ilə iştirakını yüksək qiymətləndirmiş, forumun təşviqi məqsədilə Niderlandın müxtəlif əyalət və şəhərlərinə səfərləri zamanı Azərbaycan bayrağının rəsmi binalar önündə dalğalandırılmasını dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Niderland Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Veststrate çıxış edərək Azərbaycanı Niderland üçün mühüm tərəfdaş kimi xarakterizə etmiş, son dövrlərdə əlaqələrdə ciddi dinamikanın müşahidə olunduğunu, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlərin buna mühüm töhfə verdiyini vurğulayıb.

E.Veststrate Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə xarici işlər naziri adından Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. E.Veststrate iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin əsas sütunlarından biri olduğunu bildirərək, çoxsaylı iqtisadi sahələrdə qarşılıqlı faydalı əlaqələrin olduğunu, Azərbaycanda Niderland şirkətlərinin uğurla fəaliyyət göstərdiyini və yeni yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının bu tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib.

O həmçinin Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu fonunda ölkənin mühüm beynəlxalq tədbirlər platformasına çevrildiyini qeyd etmiş, bir neçə gün əvvəl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla təşkil olunduğunu, cari il ərzində Minatəmizləmə fəaliyyəti üzrə 4-cü beynəlxalq konfransın da keçiriləcəyini bildirib.