BAKI, 25 may. TELEQRAF

Bu gün Bakıda "Beynəlxalq qadın könüllülüyünün müasir Azərbaycan, Qazaxıstan və Türkiyənin inkişafına töhfəsi" mövzusunda forum təşkil edilib.

Teleqraf xəbər verir ki, tədbir Bakı Beynəlxalq Qadınlar Klubunun təşəbbüsü və Qazaxıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə baş tutub.

Konfrans çərçivəsində müxtəlif dövlətləri təmsil edən rəsmi şəxslər, diplomatlar və ictimai xadimlər xanımların xeyriyyəçilik hərəkatındakı rolundan söhbət açıblar.

Açılış nitqi ilə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel qeyd edib ki, təmənnasız yardım fəaliyyəti ölkəsində ictimai həyatın mühüm tərkib hissəsinə çevrilib:

“Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə BMT tərəfindən 2026-cı ilin “Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli” elan olunması xüsusi əhəmiyyət kəsb edir”.

Diplomatın xanımı Asemgül Bayel isə öz növbəsində qadınların humanitar layihələrdəki birləşdirici missiyasına diqqət çəkib:

“Hazırda Qazaxıstanda 800-dən çox könüllü təşkilatı fəaliyyət göstərir və bu hərəkata qoşulanların sayı son illərdə kəskin şəkildə artıb”.

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova güclü vətəndaş cəmiyyətinin formalaşmasında xanım fəalların müstəsna mövqeyini xüsusi qeyd edib.

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero isə zərif cinsin nümayəndələrinin cəmiyyətə, uşaqlara və sosial baxımdan həssas qruplara qayğısının vacibliyinə toxunaraq, bu növ qlobal əməkdaşlığın böyük perspektivlər vəd etdiyini diqqətə çatdırıb.

Türkiyə səfirinin xanımı Zühre Akgün regional toplantıda autizmli uşaqların cəmiyyətə inteqrasiyası və inklüziv təhsil məsələlərindən bəhs edib.

O, Türkiyədə erkən diaqnostika və reabilitasiya proqramlarının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Moldova səfirinin həyat yoldaşı İrina Esaulenko isə könüllülük fəaliyyətinin mərhəmət və həmrəylik nümunəsi olduğunu diqqətə çatdırıb:

“Moldovada xüsusilə qadın fəallar humanitar layihələrdə və Ukraynadan gələn qaçqınların yerləşdirilməsi prosesində fəal iştirak ediblər”.

Forum çərçivəsində qadın təşəbbüsləri, təhsil və tərəfdaşlıq mövzularında panel müzakirələri aparılıb, həmçinin qonaqlar üçün musiqili proqram təşkil olunub.