BAKI, 19 mart. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, tərəflər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb, gərginliyin azaldılmasının, beynəlxalq hüquqa hörmətin, sülh və sabitliyin təmin edilməsi üçün birgə səylərin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlığı bir daha təsdiqləyib, qarşılıqlı etimad, həmrəylik və milli maraq kəsb edən məsələlərdə davamlı dəstəyi qeyd ediblər.

Nazirlər həmçinin siyasi, iqtisadi və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib, regional və beynəlxalq platformalarda sıx koordinasiyanın əhəmiyyətini vurğulayıblar.