BAKI, 12 mart. TELEQRAF

"Boru kəməri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəyə görə Azərbaycan dünyada bir nömrəli ölkədir".

Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövləti başçısı bildirib ki, hazırda ixracın həcmi artır və bu, belə də davam edəcək: "Bu, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin mühüm amilidir. Beynəlxalq bazarlara, ümumiyyətlə, təchizatçı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək. Biz xüsusilə təbii qaz və elektrik enerjisi ixracını artırmağı planlaşdırırıq. Keçən il burada görüşəndə qaz alan ölkələrin sayı 12 idi. Bu gün isə bu rəqəm 16-ya çatıb və onların hamısı Azərbaycan qazını boru kəmərləri vasitəsilə alır".