BAKI, 6 mart. TELEQRAF
Azərbaycan və Moldova arasında enerji və digər strateji sahələrdə əməkdaşlıq daha da genişləndiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixay Popşoi bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan 2022-ci ildə yaşanan enerji böhranı zamanı Moldovaya mühüm dəstək göstərib:
“Göstərilən köməyə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Biz Azərbaycanla təkcə təbii qaz sahəsində deyil, həmçinin ‘yaşıl enerji’ sektorunda da sıx əməkdaşlıq etmək niyyətindəyik. Azərbaycan şirkətlərini Moldovanın investisiya imkanlarını dəyərləndirməyə dəvət edirik. Moldova tərəfi bu layihələrin hər iki ölkə üçün faydalı olması üçün lazımi şəraiti yaratmağa hazırdır”.