BAKI, 11 fevral. TELEQRAF

Beynəlxalq Muğam Mərkəzində Litvanın dövlət müstəqilliyinin bərpa edilməsinin 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Teleqraf xəbər verir ki, mərasimdə rəsmi şəxslər, xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və tanınmış ictimai xadimlər bir araya gəliblər.

Tədbir hər iki ölkənin dövlət himnləri səsləndirilikdən sonra açıq elan olunub.

Litva səfiri Kestutis Vaşkeleviçus çıxışında ölkəsinin keçdiyi mürəkkəb, lakin şərəfli azadlıq yolundan bəhs edib. Diplomat Azərbaycan və Litva xalqlarının müstəqillik idealları ətrafında birləşdiyini vurğulayaraq Məmməd Əmin Rəsulzadənin məşhur kəlamını xatırladıb:

"Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Azərbaycan və Litvanın müstəqilliyi sadəcə fiziki gücün deyil, xalqlarımızın sarsılmaz iradəsinin və ideoloji birliyinin nəticəsidir”.

Xarici işlər nazirinin müavini Fariz Rzayev ölkələrimiz arasındakı diplomatik bağların hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulduğunu diqqətə çatdırıb. O, bu tarixi köklərin bu gün uğurla davam etdirildiyini və yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əlaqələri yeni mərhələyə daşıdığını qeyd edib.

Gecənin bədii hissəsində musiqiçi Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik-caz” qrupu çıxış edib.

Xatırladaq ki, 16 fevral 1918-ci ildə Litva Şurası Müstəqillik Aktını imzalayaraq ölkənin suverenliyini dünyaya bəyan edib.