BAKI, 23 yanvar. TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Mərkəzin aparıcı məsləhətçisi Lalə Xəlilzadənin müəllifi olduğu “Yaxın Şərqdə erməni diasporu: tarixi, dini, siyasi, mədəni, media, təhsil və sosial fəaliyyətləri” adlı kitabın təqdimat mərasimi keçirilib.
Teleqraf-ın məlumatına görə, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqində bildirib ki, Mərkəz 2019-cu ildən etibarən erməni diasporunun dünyanın müxtəlif bölgələrində, xüsusilə Fransa, Argentina və Rusiyada fəaliyyəti, təşkilatlanma mexanizmləri və dövlət strukturlarına təsir imkanları ilə bağlı araşdırmalar dərc edir.
Sülh Şurasının yaradılması ilə bağlı gündəmdə olan aktual məsələlərə toxunan Fərid Şəfiyev qeyd edib ki, erməni diasporu bu istiqamətdə də destruktiv mövqeyi ilə seçilir. Onun sözlərinə görə, Amerika Erməni Milli Komitəsi (ANCA) Ermənistan hökumətinin Sülh Şurasına qoşulması məsələsinə dair açıq narazılıq nümayiş etdirərək, diasporun bu təşəbbüslərə təsir göstərmək səylərini ortaya qoyub.
BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev çıxışında bildirib ki, erməni diasporu əsasən üç böyük coğrafiyada, Avropa, Amerika və Yaxın Şərqdə güclü təşkilatlanmaya malikdir. O vurğulayıb ki, erməni kilsələri və mədəni təşkilatları bir ölkədə əldə etdikləri təcrübəni digər ölkələrdə də tətbiq ediblər. Cavid Vəliyevin sözlərinə görə, erməni təşkilatlarının fəaliyyətinin genişlənməsinin əsas səbəblərindən biri dövlətçiliyə malik olmadıqları üçün hüquqi məsuliyyətdən kənarda qalmalarıdır. Bu təşkilatlar tez-tez üçüncü tərəflərin əlində alətə çevrilib, böyük güclər arasında münasibətlər normallaşdıqdan sonra isə daha dağıdıcı fəaliyyətlərə meyil göstəriblər. O həmçinin qeyd edib ki, erməni təşkilatlarında yalnız Azərbaycan və Türkiyəyə qarşı deyil, eyni zamanda öz daxili qrupları arasında da şiddətə meyil müşahidə olunub.
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov çıxışında metodoloji yanaşma və strukturun, eləcə də materialların ölkələr üzrə sistemli və informasiya blokları şəklində təqdim olunmasının kitabın elmi dəyərini artırdığını bildirib. Onun sözlərinə görə, araşdırma erməni diasporlarının yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyasını və milli şüurun təkamülünə təsirlərini də təhlil edir.
Kitabın müəllifi, BMTM-in aparıcı məsləhətçisi Lalə Xəlilzadə bildirib ki, araşdırmada Yaxın Şərqdə erməni icmasının ən geniş yayıldığı beş ölkə - Livan, Fələstin, Suriya, Misir və İordaniya - üzrə erməni diasporunun tarixi konteksti, əsas siyasi, ictimai və mədəni fəaliyyət istiqamətləri, təsir dairələri və potensial imkanları təhlil edilib.
Müəllif qeyd edib ki, tədqiqatın mühüm istiqamətlərindən birini erməni diasporunun media fəaliyyəti təşkil edib. Belə ki, adıçəkilən ölkələrdə yaşayan erməni icmalarının nəşr etdikləri kitablar, jurnallar və qəzetlər, xüsusilə Qarabağ müharibəsi dövründə ərəbdilli auditoriyaya yönəlmiş təbliğat kampaniyaları və qondarma “erməni soyqırımı” ilə bağlı yayılmış məlumatlar əhatəli şəkildə təhlil olunub. Bu məqsədlə araşdırmada ərəb dili ilə yanaşı türk, ingilis, rus, erməni, alman və fransız dillərindəki mənbələrdən də istifadə edilib.
Qeyd edək ki, nəşr Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin tarixi və gələcəyi, həmçinin erməni diasporu mövzuları ilə maraqlanan tədqiqatçılar üçün mühüm mənbə rolunda çıxış edir.