"İspaniyanın Baş naziri cənab Pedro Sançez 2024-cü ilin noyabrında COP29 tədbiri çərçivəsində ölkəmizə işgüzar səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü xüsusilə qeyd etmək istərdim. Azərbaycanla İspaniyanın Xarici İşlər, İqtisadiyyat Nazirlikləri arasında müntəzəm təmaslar baş tutur. Bir sıra istiqamətlər üzrə uğurlu əməkdaşlıq mövcuddur".
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, bu əməkdaşlığın daha da genişləndirilməsi, yeni istiqamətləri də əhatə etməsi üçün yaxşı imkanlar var.
"Eyni zamanda müqavilə-hüquq bazasının genişləndirilməsi üzərində iş aparılır. Elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq da olduqca vacibdir. Bu sahələrdə əlaqələrin gücləndirilməsi xalqlarımızın, xüsusən gənclərimizin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq. Bu kontekstdə mən xüsusən Azərbaycanın İspaniya Krallığındakı səfiri cənab Ramiz Həsənovun rolunu vurğulamaq istərdim. Hörmətli Ramiz müəllim iki ölkə arasında əlaqələrin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyəti ilə yanaşı həm də parlamentlərimiz arasında əməkdaşlığın inkişafı üçün xeyli iş görür. Bugünkü görüşümüzdə, əlbəttə ki, parlamentlərimiz arasında əlaqələri də müzakirə etdik. Parlament üzvlərimizin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladıq. Digər tərəfdən, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək də böyük əhəmiyyətə malikdir. Xanım Armenqolla Cənubi Afrikanın Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində keçirdiyimiz görüşü və müzakirələri də məmnunluqla qeyd etdik. Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Elə xanım Armenqolun səfəri də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq edir".