BAKI, 23 yanvar. TELEQRAF

İspaniya Krallığı Deputatlar Konqresinin sədri hörmətli xanım Fransina Armenqola mənim Azərbaycana səfər dəvətimi qəbul etdiyinə görə təşəkkürümü bildirirəm. Xanım Armenqolun Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyətə malikdir. Bu səfər İspaniya parlament sədrinin Azərbaycana ilk səfəridir.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova deyib.

"Ötən ilin may ayında mən xanım Armenqolun dəvəti ilə İspaniyaya rəsmi səfər etmişdim. Bu səfər Milli Məclis sədrinin İspaniyaya ilk rəsmi səfəri idi. Bu gün isə İspaniya Deputatlar Konqresinin sədri mənim səfərimdən nisbətən qısa müddət keçməsinə baxmayaraq, öz nümayəndə heyəti ilə Azərbaycandadır. Bu, həm mənim, həm də xanım Armenqolun ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına verdiyimiz əhəmiyyətin bir göstəricisidir. Nümayəndə heyətləri arasında az öncə keçirdiyimiz görüşdə Azərbaycanla İspaniya arasında mövcud olan əlaqələri nəzərdən keçirdik. Xüsusən son dövrlərdə ölkələrimiz arasındakı fəal siyasi dialoqun şahidi oluruq. Bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır", - deyə qeyd edib.