BAKI, 22 yanvar. TELEQRAF

Ölkəmizdə səfərdə olan NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyi məlumat yayıb.

Görüş zamanı vurğulanıb ki, 2025-ci ildə NATO Şimal Atlantika Şurasının səfirlərinin Azərbaycana ilk rəsmi səfəri və Prezident İlham Əliyevlə görüşü Azərbaycan-NATO əməkdaşlığının tarixində mühüm hadisə kimi qiymətləndirilir.

Tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.

Azərbaycanın NATO-nun sülhün təmininə yönəlmiş əməliyyatlara və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb. Humanitar mina təmizləmə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bundan əlavə, regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.