BAKI, 21 yanvar. TELEQRAF

Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla birlikdə həyata keçirdiyi sülh razılaşmasını yüksək qiymətləndirib.

Teleqraf xəbər verir, o, bu barədə yanvarın 9-da İlham Əliyevlə keçirilən görüşü zamanı bildirib.

Şarl Mişelin sözlərinə görə, bu sülh razılaşması dünya ölkələri üçün güclü və mühüm bir siqnaldır:

"Bütün çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə nikbinlik və ümidlə baxmaq üçün ortaq iradənin mövcudluğu olduqca əhəmiyyətlidir. Bu yanaşma Avropa İttifaqının təşviq və müdafiə etmək istədiyi əsas dəyərlərə uyğundur və həmin dəyərlər gələcəkdə daha geniş şəkildə təşviq olunmalıdır".

O, həmçinin İlham Əliyevin liderliyini və sülh prosesinə verdiyi töhfəni xüsusi olaraq təqdir etdiklərini qeyd edib:

"Qəbul edilən mükafatla bağlı qərar Azərbaycan Prezidentinin sülh razılaşmasının reallığa çevrilməsi üçün göstərdiyi səylərə dəstəyin ifadəsidir".

Ş. Mişel bu prosesin region, Cənubi Qafqaz və daha geniş coğrafiya üçün müsbət ümidlər və perspektivlər yaradacağına ümid etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb.