BAKI, 8 yanvar. TELEQRAF
Çin və Azərbaycan bu gün yaxşı dostlar və etibarlı tərəfdaşlardır.
Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri xanım Lu Mey "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Səfir bildirib ki, illər ərzində müxtəlif sahələrdə qurulan məhsuldar əməkdaşlıq iki ölkə arasında hərtərəfli münasibətlərin inkişafına ciddi töhfə verib və xalqların qarşılıqlı maraqlarına xidmət edir.
Lu Mey xatırladıb ki, Prezident İlham Əliyev ötən il Çinə iki dəfə səfər edib və Çin Sədri Si Cinpin ilə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının qurulmasına dair Birgə Bəyannamə imzalanıb:
"Beləliklə, iki ölkə arasında münasibətlərdə yeni bir səhifə açılıb. Məhz Sədr Si Cinpinin və Prezident İlham Əliyevin birgə rəhbərliyi ilə Çin və Azərbaycan əhatəli strateji tərəfdaşlığı inkişaf etdirir. Bu işlər sürətlə gedir. Bu, siyasi qarşılıqlı iradəyə əsaslanır və bizim praqmatik əməkdaşlığımız tarixən ən yüksək səviyyəyə çatıb. Məhz ikitərəfli iqtisadi-ticari əməkdaşlığımızın miqyasına gəldikdə, bu gün o davam edir, infrastruktur, yaşıl enerji, rəqəmsal innovasiyalar və maşınqayırma sahələrinə investisiyalar yatırılır. Biz "Bir kəmər, bir yol" layihəsində də çox yüksək səviyyədə əməkdaşlıq edirik. O cümlədən Çin-Avropa dəmir yolu bağlantısı və Trans-Xəzər dəhlizi istiqamətində işlər sürətlə davam edir və burada Azərbaycanın rolu güclənir".