BAKI, 24 noyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdə Rusiyanın maraqlarını lobbiləşdirən ukraynalı subyektlərin ortaya çıxdığını bildirib.
Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə ABŞ nümayəndə heyəti ilə aparılan sülh danışıqlarına həsr olunmuş axşam müraciətində Qərbdə Rusiyanın maraqlarını lobbiləşdirən Ukraynadan olan şəxslərin meydana çıxdığını bəyan edib.
Ukrayna lideri həmin şəxslərin kimliyi barədə konkret məlumat təqdim etməyib. O bildirib ki, tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının məlumatlarına əsasən, bəzi Ukrayna vətəndaşları Qərb dövlətlərində Kiyevin rəsmi mövqeyindən fərqli baxışı təşviq etməyə başlayıblar.
“Dövlət mövqeyimiz var, Ukrayna ləyaqəti var və biz ona zərbə vurmaq yox, onu gücləndirəcək şəkildə hərəkət etməliyik. Ukrayna pasportu daşıyan insan Ukrayna qarşısında məsuliyyət hiss etməlidir”, — Zelenski vurğulayıb və ümid edib ki, bu məlumat həmin fəaliyyətə cəlb olunan şəxslərə çatacaq.