BAKI, 17 noyabr. TELEQRAF

2020-ci ilin 44 günlük Vətən müharibəsindən indiyədək 412 nəfər mina qurbanına çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

Bildirilib ki, minalar Azərbaycanda hələ də insan həyatı üçün təhlükə yaratmağa davam edir.

"Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Ermənistanla sərhəd bölgəsində mina partlaması nəticəsində ağır şəkildə xəsarət alıb. Təkcə 2020-ci ildəki 44 günlük müharibənin başa çatmasından bu yana 412 nəfər mina partlayışlarının qurbanı olub.

Bu humanitar faciə dinc sakinləri hədəfə alır, bərpa və yenidənqurma işlərini ləngidir, insanların təhlükəsiz şəkildə geri qayıdışını əngəlləyir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması deməkdir. Baş verənlər həmçinin mina təmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün beynəlxalq dəstəyin təcili şəkildə artırılmasının vacibliyini bir daha göstərir", - paylaşımda deyilir.