BAKI, 10 oktyabr. TELEQRAF
Azərbaycanla münasibətlərdəki gərgin dövr geridə qalıb və tərəflər qarşılıqlı etimada əsaslanan əməkdaşlığı davam etdirəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
"AZAL-ın təyyarə qəzasından sonra Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərdə böhran yaşanmayıb. Bunu artan ticarət-iqtisadi əlaqələri təsdiqləyir. Hətta deməzdim ki, bizdə dövlətlərarası münasibətlərdə hansısa böhran var idi. Niyə? Əgər bu, beynəlxalq münasibətlərin böhranı olsaydı, o zaman biz ticarət və iqtisadi əlaqələrdə artım görməzdik. Amma gördüyümüz kimi əhəmiyyətli artım davam etdi. Elə isə dövlətlərarası münasibətlərdə bu nə böhranıdır?", - o deyib.
Putin Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki vəziyyəti "emosiyalar böhranı" adlandırıb: "Bunun səbəbi başadüşüləndir. Biz çox çətin bir hadisə ilə, təyyarə qəzası və onun sərnişinlərinin itkisi ilə üzləşdik. Buna görə də vəziyyəti düzəltmək üçün bizə vaxt lazım idi və çox mürəkkəb texniki ekspertizalar aparmalı idik”.