BAKI, 10 oktyabr, TELEQRAF

Məlum olduğu kimi, Venesuela müxalifət lideri Maria Korina Maçado ölkədə demokratiyanın qorunmasındakı fəaliyyəti və sülh tərəfdarı mövqeyi ilə 2025-ci ilin Nobel Sülh Mükafatına layiq görülüb.

Teleqraf bu məqamda mükafatının laureate ilə bağlı maraqlı məlumatları təqdim edir.

Maria Korina Maçado 7 oktyabr 1967-ci ildə Venesuelanın paytaxtı Karakasda anadan olub. O, Andrés Bello Katolik Universitetində sənaye mühəndisliyi təhsili alıb və sonra IESA-da maliyyə üzrə magistr dərəcəsini bitirib.

Venesuelanın uzun müddətdir mövcud olan Çavismo rejiminə qarşı müxalifəti ilə tanınan Maçado ölkənin ən nüfuzlu müxalifətçilərindən biridir. O, 2011-ci ildən 2014-cü ilə qədər Venesuela Milli Assambleyasının üzvü kimi fəaliyyət göstərib. Daha sonra özünün “Vente Venesuela” adlı siyasi hərəkatını təsis edib və onun milli koordinatoru olub.

Maçado demokratik dəyərləri, şəffaf seçkiləri və insan haqlarını müdafiə edən qatı müxalifət mövqeyindən çıxış edir. O, Nikolas Maduronun administrasiyasının dəfələrlə təzyiqləri və məhdudiyyətləri ilə üzləşib və 2023-cü ildə keçirilən müxalifətin praymerizlərində böyük fərqlə qalib gəlməsinə baxmayaraq, 15 il müddətinə dövlət vəzifəsindən kənarlaşdırılıb. Nəticədə, o, 2024-cü il prezident seçkilərində iştirak edə bilmədi, əvəzində Korina Yorisi dəstəklədi.

Mübarizələri beynəlxalq aləmdə rezonans doğuran Maçado Venesuelada azadlıq və demokratiya uğrunda mübarizənin simvoluna çevrilib. 2024-cü ildə o, Azadlıq düşüncəsinə görə Saxarov mükafatına və İnsan Haqları üzrə Vatslav Havel mükafatına layiq görülüb.

Bu gün Maria Korina Maçado həm Venesuelada, həm də beynəlxalq aləmdə demokratiya, insan haqları və azadlıqlar uğrunda mübarizənin simvolik simalarından biri kimi tanınır.