BAKI, 9 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın paytaxtı Düşənbədə Rusiya lideri Vladimir Putinlə görüşüb. İki ölkə liderinin görüşü təkbətək formatda gerçəkləşib.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan və Rusiya Prezidentlərinin düz bir illik fasilədən sonra ilk görüşüdür.
Dövlət başçıları arasında sonuncu görüş ötən ilin oktyabrın 8-də Kazanda XVI BRICS Sammiti çərçivəsində baş tutub. Düzdür, həmin tarixdən indiyədək iki lider eyni tədbirlərə qatılsalar da, bu, görüş formatına keçməyib.

Buna səbəb isə Azərbaycanın qətiyyətli mövqe sərgiləməsi olub. Belə ki, ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından sonra bu ölkənin vecsiz davranması, sanki hər şey belə də olmalıymış kimi mövqe sərgiləməsi Rəsmi Bakı tərəfindən heç də xoş qarşılanmamışdı.
Elə bunun nəticəsi idi ki, Prezident İlham Əliyev bu ilin mayında Rusiyanın paytaxtı Moskvada Qələbə paradına qatılmamaqla bağlı qərar almış, bu dəvəti geri çevirmişdi.
Səbəb isə çox sadə idi: həmin tarixdə AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmamış, hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmamışdı.

Bundan sonra Rusiya Azərbaycana qarşı münasibəti daha da qərəzli formaya çatdıraraq, bu ölkədə yaşayan azərbaycanlılara qarşı müxtəlif əməliyyatlar keçirdi, hətta OMON-un zorakılığı nəticəsində iki həmyerlimiz də həlak oldu.
Baş verənlərə, müxtəlif təzyiqlərə baxmayaraq, Azərbaycan vətəndaşının maraqlarını dövlətin proriteti hesab edən Prezident İlham Əliyev qətiyyətini göstərdi.
Elə bu qətiyyətin nəticəsidir ki, Putin Düşənbədəki görüşdə söhbətə AZAL-ın vurulan təyyarəsi ilə başlayaraq bir daha başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb. O, həmçinin bildirib ki, hazırda baş vermiş hadisə ilə bağlı araşdırma davam edir və yaxın vaxtlarda başa çatacaq. Rusiya prezidenti qeyd edib ki, hadisə baş verən zaman Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb. Atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib və s. Ən önəmlisi isə o, bu cür faciəvi hallarda təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcəyini bildirib.
Azərbaycan Rusiyanın məsuliyyəti öz üzərinə götürməsini reallaşdırdı. Və bir daha sübut edildi ki, Azərbaycan dövlətinin maraq və mənafeləri Prezident İlham Əliyev üçün hər şeydən ümdə və üstündür. Eləcə də Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və haqlarına zərrə qədər xələl gələrsə, gətirilərsə, məhz onun QƏTİYYƏTİ ilə üz-üzə qalınacaq. İlham Əliyev ilk günlərdən Rusiya tərəfinə hansı tələbləri irəli sürmüşdüsə, sonadək o mövqeyi müdafiə etdi və nəhayət, istədiklərimiz oldu: Rusiya rəsmən bəyat etdi ki, kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq!
Biz də bunu istəyirdik...
Biz də bunu deyirdik...