VARŞAVA, 7 oktyabr. TELEQRAF
“Emmanuel Makron hazırda tamamilə təcrid olunmuş, siyasi və ictimai dəstəyini demək olar ki, itirmiş bir prezidentdir. Əsas tərəfdarları arasında belə bu gün bir çoxları onun mümkün qədər tez istefa verməsinin vacibliyini vurğulayır və bu çağırışı açıq şəkildə səsləndirirlər”.
Bu sözləri Teleqraf-a açıqlamasında Fransa parlamentinin keçmiş üzvü, Fransa-Azərbaycan Dostları Assosiasiyasının sədri Jerom Lamber bildirib.
Siyasətçi Makronun yaxın zamanda istefaya gedə biləcəyini vurğulayıb: “Makron xalq arasında böyük bir məyusluq yaradıb. O, əvvəlki illərdə verdiyi vədləri yerinə yetirmədiyi üçün fransızların etimadını ciddi şəkildə itirib. Buna görə də, onun istefası Fransa siyasi həyatında yeni mərhələnin başlanğıcı, həmçinin dövlət institutlarının işində islahatlar və yenilənmə üçün bir fürsət kimi dəyərləndirilə bilər. Hazırkı böhrandan çıxmaq üçün başqa bir real yol görünmür, çünki Makronun bundan sonra atacağı hər hansı addım və ya həyata keçirmək istədiyi siyasət cəmiyyət tərəfindən manipulyasiya və siyasi manevr kimi qəbul ediləcək. Bu isə vəziyyəti düzəltmək əvəzinə, ölkəni daha da dərin böhrana sürükləyəcək. Baş nazirin istefası da buna nümunədir”.
Qeyd edək ki, Baş nazir Sebasten Lekornu oktyabrın 6-da yeni hökumətin elanından sonra müxalifətin tənqidi fonunda istefa ərizəsini Makrona təqdim edib. Prezident onun istefasını qəbul edib. Lekornu bu postda cəmi 27 gün qalıb. Baş nazirin istefasından sonra Prezident Emmanuel Makronun istefa verməsi tələb edilir.