QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Orta Avrasiya regionunda strateji əhəmiyyət daşıyır.

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

"Hazırda dünyada gərginlik hökm sürür. Bu baxımdan, bu il keçirilən görüşün mövzusu da dövrün reallıqlarına tam uyğundur. Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh razılaşması region üçün mühüm əhəmiyyət kəsb edir və məmnunluqla qarşılanır. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlıq hər il daha da güclənir. Bu istiqamətdə üzv ölkələrin maliyyə nazirləri yaxın günlərdə görüş keçirəcəklər. Bundan əlavə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Orta Avrasiya regionunda strateji əhəmiyyət daşıyır və ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır", - deyə qeyd edib.

Kasım-Jomart Tokayev əlavə edib ki, növbəti konfrans süni intellekt mövzusuna həsr olunmalıdır.

“Süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Onun təsirini demək olar ki, bütün sahələrdə müşahidə etmək mümkündür. Bu səbəbdən növbəti konfransın mövzusu süni intellektə həsr olunmalıdır”, - o vurğulayıb.