BAKI, 4 oktyabr. TELEQRAF

Gürcüstanda bu gün keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərlə bağlı qanunvericiliyin nəzərdə tutduğu bir sıra qadağalar qüvvəyə minib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, səsvermə günü seçki məntəqələrində və onların yaxınlığında təbliğat aparmaq, seçicilərin hərəkətinə mane olmaq və insanların toplaşmasına şərait yaratmaq qadağandır.

Bundan əlavə, seçki günü televiziya və radioda ödənişli reklamların, seçkiyə dair verilişlərin, telefon zəngləri və SMS vasitəsilə təşviqatın aparılmasına icazə verilmir. Eyni zamanda, axşam saat 20:00-dək ictimai rəy sorğularının nəticələri açıqlana bilməz.

Seçki məntəqələrində ilkin nəticələrlə bağlı bəyanat vermək, eləcə də səsvermə kabinəsində foto və video çəkiliş aparmaq qadağan olunub. Seçki məntəqələri səhər saat 06:45-də açılıb, səsvermə prosesi saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq.