​BAKI, 31 avqust. TELEQRAF

31 avqust BMT tərəfindən 2020-ci ildə təsis edilən Afrika mənşəli xalqların Beynəlxalq Günü kimi qeyd olunur.

Teleqraf xəbər verir ki, günün məqsədi Afrika mənşəli xalqların zəngin mədəni irsini və bəşəriyyətə verdikləri töhfələri tanıtmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi problemlərə diqqət çəkməkdir.

Bakı Təşəbbüs Qrupu (BTQ) bu gün münasibətilə Fransanın müstəmləkə idarəçiliyi altında saxladığı Reyunyon, Mayot, Qvadelup, Martinik və Fransız Qviyanası kimi ərazilərdə yaşayan Afrika mənşəli xalqların vəziyyətinə diqqət yönəldib.

Qurum beynəlxalq konfranslar təşkil edib, BMT tribunasında məsələni qaldırıb və Fransa hökumətinin bu ərazilərdə insan hüquqlarının pozulmasına görə cavab verməsinə çağırış edib.

BTQ-nin hesabatlarında həmin bölgələrdə işsizlik, sosial-iqtisadi bərabərsizlik, milli kimliklərin zəiflədilməsi, polis zorakılığı və mədəni assimilyasiya kimi problemlərin davam etdiyi xüsusi vurğulanır.