BAKI, 9 avqust. TELEQRAF
Türkiyə xarici işlər naziri Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi nailiyyətlər münasibətilə ölkəmizi səmimi qəlbdən təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefon danışığı aparıblar.
Nazirlər əldə edilmiş razılaşmaların, Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən imzalanmış Birgə Bəyannamənin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sülh sazişinin paraflanmasının, habelə ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırışın sülhə mühüm töhfə olduğu qeyd edilib. Nazirlər bu strukturların ləğvi barədə ATƏT qərarının tezliklə qəbul ediləcəyini gözlədiklərini bildiriblər.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.